Qurban ritualının tarixi
Qurban tarix boyunca müxtəlif mədəniyyətlərdə ta qədimlərdən tətbiq olunan bir ibadət şəklidir. Qurban mərasimləri haqda ən qədim mənbələrdə -şumer yazılarında maraqlı məlumatlar var. Qurbanvermə mərasimi Tanrının birliyinə inanan bütün dinlərdə (yəhudilik, xristianlıq, krişnaizm, zərdüştlük, müsəlmanlıq və s.) əsas prinsiplərdən biridir. Yəni, bütün dinlərdə qurban mərasimləri var. Amma təbii ki, fərqli formalarda.
Dinlərin bəzilərində Tanrıya canlılar qurban edilir, bu həm insan (satanizm), həm də heyvan (islam, iudaizm) ola bilər. Amma digər Şərq dinlərində (zərdüştlük, induizm, krişnaizm, buddizm, çaynizm və s) Tanrıya qansız qurbanlar verilir. Bu qurbanlar meyvə-tərəvəz, süd məhsulları, gül-çiçək ola bilər.
Yəhudilikdə və xristianlıqda qurban mərasimi
Yəhudilərin inancınında qurban insanın günahının təmizlənməsi üçün gərəklidir. Onlara görə, bütün qurbanlar günahların bağışlanmasını təmin etmək üçündür. Yəhudilərin müqəddəs kitabı sayılan Tövratda ənənəvi ibadətlər əsasən qurbanlara həsr edilib. Qurban, ibadətin əsasını təşkil edir.
Yəhudilər həm qanlı, həm də qansız qurban verirlər. Qanlı qurban heyvan qurbanı deməkdir, yəhudilər müsəlmanlardan fərqli olaraq quş, toyuq kimi qurbanlar da verirlər. Amma onlar daha cox qurbanı qansız verməyə üslünlük verirlər. Bu kimi qurbanlar əsasən şirniyyatlardan, meyvələrdən verilir.
Xristianların qurban anlayışı yəhudilərinkindən qaynaqlandığından onunla ortaq istiqamətləri var. Ancaq xristianlar, yəhudilərin “Fısıh” kimi tanınan qurban bayramındakı ruhi məqsədin İsa Məsihin gəlişiylə tamamlandığına inanırlar.
İncildə qurban qanının axıdılmasıyla günahların bağışlanılmasının işarələndiyi deyilir. Heyvan qanı ancaq simvol xüsusiyyətini daşıdığından günahların bağışlanmasını təmin edə bilməz. Tanrının İbrahimin oğulunun yerinə verdiyi qoç gələcək olan qurbanın bir simvolu kimi qəbul olunur.
“Müqəddəs təkliflərinizi, qurbanlarınızı götürüb Rəbbin seçəcəyi yerə gedəcəksiniz. Yeməli nemətlərinizi, əti və qanı Tanrınız Rəbbin sunağında təqdim edəcəksiniz. Qurbanınızın qanı Tanrınız Rəbbin sunağına axacaq. Amma əti yeyə bilərsiniz (Qanunun Təkrarı 12:23-27).
Bibliyada Tanrıya hər şeyin qurban verilə biləcəyi vurğulanır. ən böyük qurban isə İsa peyğəmbərin bütün insanların günahlarının bağışlanılması üçün özünün fəda etməsi hesab olunur.
İslamda qurban anlayışı
Qurban bayramı İslam aləmində geniş qeyd olunan bayramlardan biridir. Qurban bayramı hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən 3 gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə Tanrı yolunda qurban kəsilir.
İslam dininə görə də, qurban kəsmə İbrahim Peyğəmbərin adı ilə bağlıdır. Dini rəvayətə görə, İbrahim bir oğlu olduğu təqdirdə onu Tanrıya qurban etməyi niyyət edib. Buna görə oğlu İsmayıl dünyaya gəlib bəlli bir yaşa çatdığında Uca Tanrı öz peyğəmbərini sınamaq üçün yuxusunda Hz. İbrahimdən sözündə durmasını və oğlunu qurban etməsini istəyib. Hz. İbrahim Onun bu əmrini tərəddüdsüz yerinə yetirməyə gedir. Amma yaradan öz bəndəsinin sədaqətinə inandığı üçün qeybdən qoç peyda edir və onun qurban edilməsi istənilir.
İslama görə qurban edilən heyvan Allah üçün yəni, Onun adına kəsilir. Amma burada Tanrıya bildirilməsi gərəkən xüsus bunun niyyəti, düşüncəsi və inancıdır; yoxsa kəsilən heyvanın əti, dərisi, qanı və s. deyil: “Onların nə ətləri nə də qanları Allaha çatır. Ona sadəcə sizin düşüncə və niyyətiniz çatır”. (Həcc 22/37)
İslam din xadimləri deyirlər ki, “pulla qurban payı almaq və qurban əti satmaq” kimi bir anlayış yoxdur. Yəni, kimsə qurban bayramı günü bazardan pulla bir neçə kilo ət alırsa, bu qurban payı hesab olunmur. Qurban bayramını qeyd etmək üçün qurban kəsmək mütləqdir.
Qurban bayramında adətən qoyun kəsilir. Amma bundan başqa öküz, dəvə, keçi də kəsilə bilər. Təzə Pir Məscidinin axundu Hacı Faiz Qurban bildirir ki, kəsilən heyvanın əti 3 yerə bölünməlidir. Ətin bir qismi qonşular, bir qismi kasıblar, yetimlər, bir qismi isə ailə üzvləri arasında bolünməlidir. O əlavə edib ki, toyuq, xoruz və digər bu kimi quş heyvanlarının qurban kimi kəsilməsi düzgün deyil:
“Qurban kəsməyin əsas məqsədi kasıblara, imkansızlara yardım etməkdən ibarətdir. Bəzən elə olur ki kasıblar məhz bu günü gözləyirlər ki, onlara ət gələcək onlar da bayram edəcəklər. Həmin gün müqəddəs ocaqları da ziyarət etmək də savab sayılar”.
Dinşünas-alim Nəriman Qasımoğlu isə həmkarlarının dedikləri ilə tam olaraq razılaşmir. İlahiyyatçı deyir ki, qurban kəsmək kütləvilikdən uzaq bir məzmundadır: “Qurban kəsmək əmri yalnız Həzrəti peyğəmbərə xitab edilən bir xüsusdur. Amma başqa müsəlmanların qurban kəsmələri bir fərz deyil, amma peyğəmbərin bir sünnətini, yəni onun qoyduğu qayda-qanunu icra etmək anlamındadır. Bu, İlahidən gələn bir əmr deyil. Yəni-ey müsəlmanlar, qurban kəsin! – deyə bir əmr yoxdur”.
Krişna Şüurunda və induizmdə qurban
İnduizmin kökündə duran Krişna Şüuruna görə, daim Tanrının müqəddəs adlarının tərənnümü (zikr)- qurbanların ən böyüyüdür. Krişnaçılar deyirlər ki, Tanrı öz adlarına bütun transendental enerjilərini qoyub. Bu dövrdə qurtuluş ancaq Tanrının müqəddəs adlarının zikri ilə əldə edilə bilər. Qurban- insanın pis keyfiyyətlərinin Zikr odunda yandırılmasıdır.
Krişna şüurunda qurban əsasən meyvə-tərəvəzdən, süd məhsullarından təzə-tər çiçəklərdən, ətirli çubuqlardan verilir. Qurban mərasimi əsasən bir ocağın kənarında həyata keçirilir. Tanrını öyən nəğmələr söylənir və ocağın kənarına Tanrıya təklif edilən qidalar düzülür. Daha sonra Tanrı Krişnanın bu qidaları qəbul etməsi üçün müvafiq dua-mantralar oxunur. Vaişnavlar inanırlar k, Tanrı Krişna ona təklif edilən qidalara öz enerjisini verir. Bundan başqa, belə qurban Alhahın verdiyi nemətlərə görə Ona minnətdarlıqdır.
Bundan əlavə, vaişnavların müqəddəs kitablarında- “Baqavad-Qita”da və bütün Veda külliyyatında qurban anlayışı digər dinlərdən fərqlənir. İnsanın Tanrıya öz sevgisini, vaxtını sərf etməsi, pis vərdişlərdən çəkinməsi, xeyirli əməllərlə məşğul olması da qurban hesab olunur.
“Baqavad-Qita”da qurbanla bağlı deyilir:
“Əgər insan Mənə sevgi və sədaqətlə yarpaq, gül, meyvə yaxud su təklif edərsə, Mən bunu qəbul edərəm” (9/26).
“Tanrı fədailəri yalnız qurban edilmiş qida yediklərinə görə, hər cür günahlardan azad olurlar. Qidanı hissi həzz üçün hazırlayanlar isə, əslində haram yeyirlər”- (3/13).
“Mükafat gözləməyən adamın müqəddəs kitabların göstərişlərinə uyğun olaraq, bir borc kimi icra etdiyi qurbanlar xeyirxahlıq qunasında, maddi rifah naminə,
yaxud məğrurluqla icra edilən qurban ehtiras qunasındadır” (17/11, 12)
Krişna Şüurunun açaryası (böyük ustadı) Baktivedanta Svami Prabhupada “Baqavad-Qitaya” yazdığı şərhlərində bunu belə izah edir: “Uca Tanrıya fədaisinin Ona sevgi dolu xidmətindən başqa heç nə lazım deyil. Əgər fədai Ona təmiz və sadə bir qida təklif etsə, Tanrı bunu qəbul edəcək. Əsl fədai bütün fəaliyyətini Tanrıya həsr etməli, hər şeyi Ona qurban verməli, daim Krişnanı düşünməli, Onun müqəddəs adlarını zikr etməlidir”.
Buddizmdə və Caynizmdə qurban
Buddizmdə Buddaya dua edilir. Bu¬ddist məbədə daxil olanda Budanın murtisinə (heykəlinə) təzim edir. Buddanın bütünə çiçək, ətirli ağacların tüstüsünu (buxur yandırmaq), meyvə, tərəvəz təklif edir. Hər bir buddistin evində Buddanın kiçik heykəli olur. Buddistlərə görə qurban qansız olmalı, heç bir canlıya zərər vermədən həyata keçirilməlidir. Qurbanlar bir qayda olaraq təmiz və saf tərəvəzlər, meyvələr olur. Buddanın murtisinin önünə qoyulan qurbanların qəbul edilməsi üçün müvafiq dualar oxunur. İnanca görə təklif olunmuş qidaların sonra insanlar tərəfindən qəbul edilməsi, yeyilməsi xoşbəxtlikdir. Çünki o qidalara Buddanın enerjisi hopub.
Əvvəllər sərbəst şəkildə dərvişlik- zahidlik edən çaynist rahiblər, daha sonralar monastırlara yerləşdilər. Rahib və rahibələr hər gün müqəddəs yazıları oxuyaraq, ruh və bədənlərini tərbiyə edirlər. Caynistlərin ən birinci prinsipi heç bir canlını incitməməkdir, bunun üçün də onlar ət yemirlər. Ona görə də çaynizmdə qurban anlayışı qansız qurban deməkdir. Yəni, onlar Tanrıya meyvə-tərəvəz, ətirli ağaclardan hazırlanmış buxurlar təklif edirlər.
Qurban mərasimi demək olar ki, hər gün yerinə yetirilir. Tanrının murtiləri önündə öncə ilahilər, yəni nəğmələr söylənir, mahnılar qoşulur. Daha sonra heykəllərin önünə qansız qurbanlar düzülür. Bu qurbanların əsasını təmiz yuyulmuş meyvələr, tərəvəzlər və ətirli çubuqlar təşkil edir. Daha sonra isə Tanrıya ətirli yağlar və çiçəklər təklif olunur.
Zərdüştülükdə qurban ritualı
İnsanlıq tarixində ilk tək Tanrıçılıq dini hesab olunan Zərdüştlükdə (Mazd-Yasna) qurban mərasimi ən önəmli rituallardan biri olub. Qurban Tanrının ən güclü maddi enerjisi sayılan Od vasitəsilə verilirmiş. Novruz, Xvarna kimi bayramlarda böyük tonqallar qalanır, muğlar meyvə-tərəvəz, dənli bitkilər, gül-çiçək kimi, təbiətin nemətlərindən Oda atmaqla Tanrıya qansız qurbanlar verərlərmiş.
Tanrıçılıq, şamançılıq kimi, türklərin ən qədim dinlərindən olan Zərdüştlükdə də qurban mərasimi humanizmə əsaslanıb. Zərdüştlüyün müqəddəs kitabı olan Avestada insan və heyvanların qurban verilməsi pislənir. Tanrıya yalnız bar verən bitkilərin məhsulları qurban edilir, beləliklə hətta canlı olan bitkinin özünün yox, barının qurban edilməsi canlının ödürülməsinin qəbul edilmədiyini göstərir.
Nəsir Rzayevin “Möcüzəli qərinələr” kitabında oxuyuruq (Azərnəşr, 1984, səh. 35): “Avesta qanunlarına əsasən kahinlər mehrabda yanan müqəddəs odun işığında qurban (nəzir) vermə ayini keçirərkən əllərində müqəddəs baresma çubuqları tutduqları halda, Tanrının dünyanı yaratması haqqında himn, mahnı oxuyurmuşlar”.
“Mazd-Yasna”da və sonralar onun ilkin ehkamlarının bırpası məqsədilə yaranmış maniçilik, məzdəkilik, hürrəmilik kimi dinlərdə qurban mərasimləri demək olar ki eyni olub. Bu mərasimlərin bəzi elementləri bu gün Novruz bayramı vasitəsilə yaşamaqdadır.
Zərdüştlük ilkin çağlarda qansız qurban mərasimlərinin davamlı keçirildiyi din olub, lakin sonradan ideoloji deqradasiya getmiş və heyvanların da (xüsusilə atın) qurban edilməsi də rituallara daxil edilmişdir.
Zərdüştlüyün qaynaqlandığı tanrıçılıqda da qurban mərasimi fərqli olmayıb. Göy Tanrıya inananlar da tək Tanrıya və tanrıçalara müxtəlif qurbanlar veriblər. Məsələn Günəş tanrıçasına at qurban verilirmiş.
Afrika dinlərində qurban anlayışı
Afrika mənşəli dinlərdə qurban mərasimləriço müxtəlif formalarda həyata keçirilir. Nüfuzlu dini tədqiqatçı alim Con Feyvors “Ruhi Döyüşçü” əsərində qeyd edir ki, dünyada afrika dini ayinləri kimi təqdim edilənlərin demək olar ki, hamısı- əsl afrika ənənələrinin təhrif olunmasından ibarətdir. İlahiyyatçı alimin fikrincə, hazırda planetdə mövcud olan şüur səviyyəsi ilə icra olunan canlı varlıqların qurban gətirilməsi ayinləri İlahi gəlişə səbəb ola və ilahi şüuru oyada bilməz. İncə maddi enerciyə həssas olan adamlar elə mərasimlərdən xüsusi diqqətlə kənar durmalıdır. Çünki, onları əhatə edən sahə mənfi enerji ilə dolu olur. Bu enerji insan şüurunun dərinliyinə keçə bilir, bu isə cinliliyə gətirib çıxarır.
Qurbanvermə ayinləri qədim Misirdə də əsas dini rituallardan olub. C.Feyvors qeyd edir ki, piramidalar məbəd rolunu oynayıb, onlarda od qurbangətirmələri və ayinlər icra edilib. “Piramidalar kiçik formada olan kainata bənzəyir, onun tikintisi yerdən aşağı planetlərdən tutmuş səma planetlərinə və sonra da ruhi aləmə kimi kainatın quruluşunu ifadə edir. Piramidanın zirvəsi ruhi aləmi ifadə edirdi. Zirvənin üstündə qara amanit daşı hörüyə qoyulmuş, bu daş isə Uca Tanrının rəmzidir”.
Alim yazır ki, qədim inanclarda qurbanvermə mərasimi qaydaya salınmış şəkildə idi və müəyyən şərtlərə riayət etməklə, bilikli adamlar tərəfindən keçirilirdi. “Kahin heyvanın həyatını əlindən alaraq, onu ya yuxarı səltənətə yollayır, ya da növbəti həyatda onun daha yüksək səviyyəli bədən almasını təmin edirdi. Beləliklə, qurbangətirmə nəticədə heyvanı azad edirdi. Bizim dövrdə isə adamlar heç bir müvafiq bilikləri və şüur səviyyələri olmadan heyvanları qurban gətirirlər. Bu isə həm onların özləri, həm də onun əhatəsində olanlar üçün arzuolunmaz mənfi nəticələrə gətirib çıxarır”.
Satanizmdə qurban
Satanistlər ayinlərində əsasən pişik qurban edirlər və ətini qovurub yedikdən sonra həmin pişiyin qanını içirlər. Onlar qurbanlıq arasında fərq qoymurlar, yalnız pişik deyil, xoruz, dovşan kimi heyvanları da qurban edirlər. Çünki satanist ayinində əsas olan hər hansı bir heyvanın qurban edilməsidir. Lakin əksər satanistlər daha çox pişiyi seçirlər. Bunun da fərqli səbəbləri var. Bəzilərinə görə, pişik nankor bir heyvan olduğu üçün məhz onu seçmək lazımdır. Başqa bir səbəb asan əldə edildiyi üçündür. İnsanlar pişiyi sevir və dəyər verirlər, pişiyi qurban kəsməyin bir səbəbi də bu sayılır.
Satanistlər pişiyin qanının içənə ölümsüzlük veriləcəyini düşünürlər. Əsas səbəb isə, satanist inancında Şeytanın “qaniçən” kimi təsvir edilməsidir. Yəni, satanist pişiyin qanını içirsə, şeytanlaşmış olur.
Qısası, satanistlərə görə, Şeytana daim bir canlı qurban verməlidirlər. İldə bir dəfə isə gənc qızın qurban edilib qanının içildiyi haqda məlumatlar var. Çünki satanizmin ən önəmli xüsusiyyətlərindən biri də daim şər tərəfdə qərar tutmaq və dinin qadağan etdiklərini etməkdir.
Satanistlərin insan
qurbanları haqda mediada tez-tez məlumatlar yayımlanır. Ötən il Yaroslavda üçü qız və biri oğlan olan 4 qurbanlarına zorla spirtli içkilər içirib sərxoş edən satanistlər “Uca İblis”ə qurban vermək üçün onların hər birinə 666 dəfə bıçaq yarası vurublar. Daha sonra isə tonqal qalanıb, qətlə yetirilmiş gənclərin cəsədləri şaqqalanaraq tikələrə bölünüb və tonqalda bişirilərək yeyilib, qurbanların qanları isə içilib.
Bakıda da satanistlərin gizli icmasının olduğu barədə mediada məlumatlar yayılır. Hətta, ötən il onların 13 yaşlı bir qızı öldürərək Şeytana qurban verildiyi və qanının içildiyi haqda məlumatlar yayılmışdı.
Ümumiyyətlə, ilahiyyatşünasların fikrincə, qurban anlayışı yalnız Tanrıya xidməti özündə ehtiva edir, bu üzdən də hər bir insan Tanrıya nələrisə qurban verməlidir. İstər qanlı olsun, istər qansız, qurban yalnız saf qəlbdən, təmənnasız, sevgi və səmimiliklə təklif edildikdə Tanrı tərəfindən qəbul olunur.
LALE MEHRALI tarafından “Makale Yarışması” için yazılmıştır…