“Tabakkomaniya”:
sağlam cəmiyyət üçün böyük təhlükə

Ekspertlər: Milli Genefondumuz üçün ən təhlükəli faktorlardan olan siqaretə qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var

Sponsor Bağlantılar

Bu məsələ başı siyasətə və şou-biznesə qarışan televiziya və mətbuatın diqqət xaricindədir. Media siqaretdən qazanılmış xəstəliklərin müalicəsini həyata keçirən tibb mərkəzlərinin və dərman preparatlarının reklamından daha çox qazanır. Cəmiyyət isə xeyli sağlam üzvünü itirir…
“Şeytan əməli”nin qısa tarixçəsi

Hər il milyonlarla can və milyardlarla vəsait itgisinə səbəb olan siqaret Avropaya Amerika qitəsindən gəlib. 1492-ci ildə Kolumbun bu qitəni kəşf etməsindən sora bəşəriyyəti girdabına salan bu məlum bəla ortaya çıxdı. Kobud formada bükülmüş siqareti ilk dəfə səyahətdən qayıdan dənizçilərdən biri çəkdi. Onu “şeytana təslim olmuş” adı ilə ömürlük həbsə məhkum etdilər. Siqaret qabaqlar tütün yarpağına, daha sonra da incə kağıza sarılaraq istifadə edilib. İlk siqaret fabriki  1830-cu ildə İspaniyada, 1845-ci ildə Fransada qurulub. İngilislər siqareti ilk dəfə Krım Döyüşündə (1853-1856) Osmanlı əsgərlərində görüblər.

1965-ci ilə qədər siqaret istehlakı yüksəliş meyli göstərdi, amma insanlar onun zərərləri haqqında məlumatlandıqca istehlak tədricən azaldı. Amma bu azalma qısa bir müddət sonra siqaret istehlakının sürətli yüksəlişi ilə əvəzləndi. Hazırda bütün dünyada bu bəlaya təlabat böyükdür.  İnkişaf etməkdə olan ölkələrdə siqaret istehlakı günü-gündən artır.

Siqaret tütün və kağızın, o cümlədən kağızı yapışdırmaq üçün istifadə edilən “poli vinül asetat” adlı yapışqan və “sellüloza asetat” əsaslı bir filtrin birləşməsindən yaranır.

Texnologiyanın sürətlə inkişafı və hər gün yeni bir şeylər kəşf olunan dünyada siqaret istehsalında da irəliləyişlər edilir. Son illərdə tütünün tərkibindəki nikotinin miqdarını artırmaq, daha “yaxşı” siqaretlər istehsal etmək, cürbəcür dadlar əldə etmək üçün dünya ölkələri bir-biri ilə yarışa girib. İndi siqaretin tərkibinə müxtəlif  qatqılar- kimyəvi maddələr qataraq insanın ondan asılılığını maksimum həddə çatdırırlar.

“SOS” statistikası

Mövzumuzun əhatə etdiyi problemin dəhşətini və qloballığını aydın təsəvvür etmək üçün öncə statistikaya nəzər salmağa ehtiyac var. Bu gün dünyada hər 4 nəfərdən biri, başqa sözlə, 1,7 milyarda yaxın insan siqaret çəkir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, hər il tütün məmulatlarından istifadə 5,4 milyona yaxın insanın həyatına son qoyur. 2020-ci ildə isə, bu rəqəmin 2 dəfə artacağı gözlənilir. XXI əsrdə 1 milyard insanın tütündən öləcəyi gözlənilir.

Dünyada ən çox siqaret istehsal edən ölkə, kişilərin 60%-inin, qadınların isə 8%-inin siqaret çəkdiyi Çindir. Bu ölkədə 385 milyon siqaret çəkən yaşayır. Bununla əlaqədar olaraq hər il Çində 750 000 insan siqaretin səbəb olduğu xəstəliklərdən həyatını itirir. Birləşmiş Ştatlarda 46 milyona yaxın adam siqaret çəkir. Bu il Amerikada siqaret çəkmək nəitcəsində yaranmış xəstəliklərdən təxminən yarım milyon adamın öldüyü bildirilir.

DST-ün məlumatına görə, ötən əsrdə 100 milyon insan bu zərərli vərdişin qurbanı olub. Bu isə dəhşətli bir pandemiyanın törədə biləcəyi faciəli rəqəmlə eyniyyət təşkil edir. Dünyada ən çox siqaretdən istifadə olunan ölkələr arasında Çin, Hindistan, İndoneziya, Braziliya, Banqladeş, Almaniya və Türkiyənin adı çəkilir. Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən ölür.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, narkotik və siqaretdən istifadədən ölüm hadisələrinin sayı 3-cü yerdə qərarlaşır. Azərbaycanda siqaretin yaratdığı xəstəliklərdən ölənlərin sayı haqda dəqiq məlumatlar olmasa da, güman etmək olar ki, minlərlə vətəndaşımız məhz bu zərərli vərdişdən dünyasını dəyişir.

Azərbaycan ən çox siqaret istehlak edən ölkələrdəndir

Statistik məlumatlar Azərbaycan əhalisinin siqaret çəkməkdə heç də digər ölkələrdən geri qalmadığını göstərir. Dəqiq statistika olmasa da, təxmini heablamalara görə, ölkə əhalisinin hər 3 nəfərindən 1-i siqaret çəkən hesab olunur. Başqa sözlə, Azərbaycanda 3 milyona yaxın siqaret çəkən olduğu təxmin edilir ki, bu da dünyada ən yüksək göstəricilərdəndir. DST-nin hazırladığı son siyahıda Azərbaycan siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə dünya ölkələri arasında 22-ci yeri tutur. Bu rəqəm o qədər də qorxulu görünməyə bilər. Amma nəzərə alanda ki, bu gün ölkə əhalisinin 3 milyon nəfəri siqaret çəkir, problemin ağırlığı məlum olar.

Hazırda təxmini hesablamalara görə, hər gün 2 nəfər siqaret çəkənin ağciyər, ağız nahiyəsi vərəminə tutulduğu, 1 nəfərin də “tüstü”dən öldüyü Azərbaycanda isə siqaret çəkənlərin sayı azalmır.

Bu sıraya daхil olanların əksəriyyətini isə yeniyetmə və gənclər təşkil edir. Təəssüfedici haldır ki, bu gün siqaret çəkənlərin 10 faizini qadınlar təşkil edir. Araşdırmalar sübut edib ki, qadınların 42 faizi bunu dəb хatirinə, 84 faizi tənhalıqdan çan qurtarmaq üçün, 12 faiz isə digər səbəblərdən edirlər. Siqaret çəkən qadınlarda isə ən çoх uşaqlıq yolu хərçənginin baş qaldırması müşahidə olunur.

“Gallup” sorğu xidmətinin araşdırmalarına görə, Azərbaycan ən çox siqaret çəkilən ölkələr arasında birinci yeri tutan Kubadan cəmi 4 faiz geridədir. Sorğu onu da göstərir ki, dünyada ən çox siqaret keçmiş sovet respublikalarında çəkilir. Dünyanın onlarla dövlətində yeniyetmələr arasında keçirilən sorğuda kubalıların 40 faizinin siqaret çəkdiyi müəyyənləşdirilib. Rusiya, Belarus, Küveyt, Çili və Banqladeşdə siqaret çəkənlər əhalinin 37 faizini təşkil edir. Bu göstərici Estoniya, Latviya, Azərbaycan və İndoneziyada 36 faizdir.

Nədən siqaret çəkirlər?

Psixoloq Zakir Aslanovun dediyinə görə, kişilər həmcinslərindən fərqənməmək kimi psixodavranış motivinə malikdir: “Azərbaycanda yetkinlik yaşına çatan, kişi cinsinə mənsub olan hər 100 nəfərdən 63-ü siqaret çəkir. Bu səbəbdən də siqaret yalançı psixotipə çevrilib. Hətta iş zamanı fasiləni “gedək, siqaret çəkək” və ya “perekur” adlandırılması da deyilənlərə sübutdu. Siqaretlərin çox baha olmaması da onların populyarlığını artıran amildi. Buna görə də siqaret əksər kişilər üçün əlçatan, baha başa gəlməyən həzz və ləzzət obyektidir”, – Z.Aslanov deyir.

Siqaret çəkənlər siqaret çəkmə istəklərini çox vaxt belə açıqlayır:

– Gərgin olduğum zaman çəkirəm.
– Diqqətimi toplamaq üçün çəkirəm.
– Sıxıldığım zaman çəkirəm.
– Qəmgin olduğum zaman
çəkirəm.
– Əsəbi olduğum zaman sakitləşmək üçün çəkirəm.

Yalnız bir siqaret bu qədər çox şey verə bilərmi? Bu sualın cavabı siqaretin içindəki kimyəvi maddələrin psixoloji təsirində yatır. Aydındır ki, siqaretin tərkibindəki nikotin bədəndə asılılıq yaradır. Siqaret çəkən adam gün keçdikcə çəkdiyi siqaretlərin sayını da bu səbəbdən artırır. Bu gün 2 siqaret çəkən sabah bunu 4-ə catdırır, birisi gün isə 10-a.

Təbii ki, səbəb nikotinin bədənə hopması və daha artıq nikotin asılılığı yaratmasıdır. Hər bir insanın orqanismində anadangəlmə nikotin qəbuledicilər var. Siqaret çəkən adam siqareti tərgitdikdə bu qəbuledicilər narahat olur və bir müddət müxtəlif fəsadlar yaradır. Ancaq zamanla bu qəbuledicilərin sayı azalmaya başlayır və fəsadlar da aradan qalxır.

Siqaret tüstüsü ağız yoluyla ağciyərə sorulanda nikotinin az hissəsi ağızdan və dildən qana qarışmağa başlayır. Böyük bir qisimi isə ağciyər vasitəsi ilə bronxlara hopur. Qan vasitəsi ilə beyinə qədər gedən nikotin beyinə həzz verici siqnallar verir. Daha aydın desək, siqaret çəkəndə alınan tüstünün tərkibindəki nikotin insan beyninə yol tapır və insana yalançı həzz verir.  Hər şey də elə bundan sonra başlayır. O həzzi bir daha dadmaq istəyən beyin insana “siqaret çək” əmrini verir. İnsan əmri hər yerinə yetirdiyində bədəndə asılılıq artır.

Siqaret çəkilən zaman baş verənlər

Siqaret çəkəndə normal insanın nəbzi yüksəlir, nəfəs sürətlə alınıb-verilir. Yalnız siqaret çəkilib qurtarandan 20 dəqiqə sonra nəbz qaydaya düşür.

Siqaret çəkiləndə pozulan qandakı oksigenin səviyyəsi yalnız 8 saatdan sonra normala dönür.

Siqaret çəkilərkən bədənin qəbul etdiyi karbonmonoksit yalnız 24 saat sonra orqanizmi tərk edir.

Siqaret çəkilərkən ağız dad duyğusunu itirir və yalnız 8 saatdan sonra normala dönür.

Siqareti tərgitdikdən sonra olanlar:

72 saat sonra nəfəs alıb- vermək siqaret çəkməzdən öncə olduğu formasına qayıdar, yəni asanlaşır.

2 həftə  sonra bədənin enerji səviyyəsi və gücü  artır.

12 həftə sonra qan dövranı qaydasına düşür, hərəkət zamanıyaranan yorulma və nəfəs darlığı azalır.

9 ay sonra ağciyər performansı 10% artır, davamlı və xırıltılı nəfəs alıb-vermələr, öskürmələr düzəlir.

12 ay sonra ürək xəstəliklərinə tutulma riski 50 % azalır.

36 ay sonar xərçəngə tutulma riski 50 %  azalır.

5 il sonra infarkt və tənəffüs yollarıyla əlaqədar xərçənglərə tutulma riski 50 % azalır.

10-15 il sonra isə infarkt keçirmə ehtimalı, siqaret çəkməyənlər ilə eyni səviyyəyə enər və ağciyər xərçənginə tutulma riski siqaret çəkənlərlə müqayisədə görə yarı-yarıya azalır.

Cəmiyyət azyaşlıların siqaret çəkməsinə təpki vermir

Qeyd edək ki, Azərbaycanda Milli Məclisin qərarı ilə 21 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanun qəbul olunub. Lakin reallıqda bu qanunun tələblərinə riayət olunmur. ”Sağlam Toplum” İctimai Birliyinin (STİB) üzvləri Bakı, Sumqayıt və Xırdalan şəhərlərində kiçik bir monitorinq aparıblar. STİB-in sədr müavini Günel Eyyublunun sözlərinə görə, hər 3 şəhərdə 14 yaşlı yeniyetmə kiçik dükanlardan və iri marketlərdən siqaret almağa göndərilib. 22 mağazanın heç birində satıcılar qanunun tələblərinə riayət etməyib və yeniyetməyə siqaret satıb.

Təşkilat nümayəndələri bunu satıcılara irad tutduqda və ölkə Parlamenti tərəfindən qəbul olunmuş 21 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanunun xatırlatdıqda onlar müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışıblar. Satıcıların əksəriyyəti qeyd ediblər ki, uşaqlar siqareti adətən ataları üçün alırlar.

Birliyin monitorinqləri cəmiyyətin yaşlı təbəqəsinin də azyaşlılara və yeniyetmələrə siqaret çəkməyə görə irad tutmadıqlarını da göstərib. G.Eyyubova deyir ki, həmin yeniyetmə bir neçə parkda yaşlı kişilərə yaxınılaşıb siqaret yandırmaq üçün alışqan istəyib. 20-ə yaxın şəxsdən yalnız biri bundan imtina edb və bu yaşda siqaret çəkdiyinə görə, ona irad bldirib.

Göründüyü kimi, hər gün rastlaşdığımız siqaret çəkən azyaşlı və yeniyetmələrə cəmiyyətdən, ağsaqqallardan heç bir təpki göstərilmir ki, bu da kiçik yaşda siqaret çəkməyin adiləşməsindən xəbər verir.

STİB ekspertinin fikrincə, bu problemin qarşısını təkcə inzibati metodlala almaq mümkün olmayacaq: “Burada əsas rolu maarifləndirmə və ictimai qınaq oynaya bilər. Son illərdə cəmiyyətdə böyük-kiçik münasibətləri pozulub, yeniyetmə və gənclərə daha çox sərbəstlik verilib ki, bu faktorlar da problemin kəskinləşməsində öz sözünü deyir”.

Vicdansız “tabakkomanlar” və günahsız zərərçəkənlər

Siqaret tüstüsünün ziyanlarını saymaqla qurtarmaz və sadəcə siqaret çəkənlər üçün deyil, çəkməyənlər üçün də çox zərərlidir. Siqaret ya da siqar çəkən bir insanın yanında duran insan həm yanan tütünlə, həm də siqaret çəkən insanın çölə verdiyi tüstüylə tənəffüs edir və olduqca böyük zərər görür.

Siqaret çəkənlərin çoxu bilmir ki, o öz orqanizmindən çox ətrafındakı insanlara ziyan vurur. Alimlər sübut ediblər ki, siqaret çəkən adamlarda rast gəlinən dəhşətli xəstəliklərə siqaret çəkməyən adamlarda da rast gəlinir ki, bu da onların siqaret çəkilən otaqda nəfəs alması ilə bağlıdır. Çünki, çəkilən hər siqaretin 25 %-i onu çəkənin orqanizminə hopursa, 50%-i nəfəs alınan havada qalır və tənəffüs zamanı həmin yerdə olanların ciyərlərinə yol tapır. Digər 25% isə yanıb kül olur. Hər il Amerikada siqaret çəkməyib onun təsirinə kənardan məruz qalan 3 minə yaxın adam vəfat edir.

Hər il minlərlə passiv siqaret çəkən siqaret tüstüsünün verdiyi zərərlər nəticəsində xəstələnərək, həyatını itirməkdədir. Ötən il Milli Məclisdə ictimai yerlərdə siqaret çəkməyi yasaq edən qanunun qəbul edilməsi üçün təklif irəli sürüldü. Təəssüf ki, millət vəkili Qənirə Paşayeva tərəfindən irəli sürülən bu təklifə dəstək verilmədi. Qanun layihəsinin müzakirəsi hər dəfə təxirə salınır.

Q.Paşayevanın sözlərinə görə “Azərbaycanda ”Tütün və tütün məmulatları haqqında” qanun var və orada azyaşlılara, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, insanların kütləvi toplaşdığı yerlərdə siqaret çəkilməsi ilə bağlı müəyyən qadağalar var. Amma qanunda konkretlik olmadığına görə indi onun tətbiqində müəyyən problemlər yaranır. Əgər tütün məmulatlarından istifadə qadağan edilən yerlər qanunla konkretləşdirilsə, cərimələr və sanksiyalar tətbiq olunsa, Mülki Məcəllədə də bunlar əksini tapsa, o halda bu problem aradan qalxar”.

“Qatil” analar və xəstə körpələr

Həkimlər deyir ki, əgər qadın siqaret çəkəndirsə və dünyaya uşaq gətirmək
istəyirsə bu gələcək nəsil üçün ən ciddi sorundur.  Çünki, əgər qadın siqareti tərgitsə də, onun zərərləri orqanizmi uzun aylar tərgitmir. Hamiləlik dövründə körpə ana bətnində bu təsirlərin zərərlərinə məruz qalır. Qısası, hamiləsinizsə və siqaret çəkirsinizsə, doğulmamış körpənizə də siqaret çəkdirirsiniz deməkdir.

Ginekoloq Könül Qarayeva deyir ki, siqaret çəkən anaların uşaqları siqaret çəkməyən anaların uşaqlarına görə daha zəif doğulur: “Çəkisi az, dərisi qara, olduqca zəif görünən bu uşaqların yaşama şansı da az olur. Ana olmaq çox çətin, eyni zamanda böyük məsuliyyət tələb edən işdir. Qadında mütləq cavabdehlik hissi olmalıdır. Cəmiyyətə yararlı bir övlad yetişdirməlidir. Siqaret çəkərək bu cür övlad dünyaya gətirməyiniz isə sadəcə mümkün deyil. Mən hamiləlikdə siqaret çəkən qadınları sadəcə bir sözlə ifadə edirəm- onlar qatildirlər. Doğma övladlarının qatili…”

Sabunçu qəsəbəsindəki Uşaq poliklinikasının pediatrı Ülviyyə Hüseynova ilə söhbətimizdə də maraqlı məlumatlar əldə etdik. Həkimin sözlərinə görə, dünyaya uşaq gətirən hər qadın əsl ana ola bilməz: “Qadının düşünmədən atdığı addımlar körpəsi üçün ciddi problemlər yaradır. Siqaret istehlakı zamanı alınan nikotin körpənin beynini inkişafdan saxlayır, zəkasında böyük çatışmazlıqlar yaranır. Məktəbə gedərkən bu daha çox özünü büruzə verir, siqaretin təsirinə məruz qalmış uşaq yaşıdlarından çox geri qalır”.

Hazırda cavabdeh olduğu ərazilərdə onlarla bu cür uşaqların olduğunu deyən həkimin sözlərinə görə, insanlar gördüklərindən dərs almırlar: “Qohumunda, qonşusunda bu cür əqli və fiziki zəif uşaqları görən valideynlər bunun yaranma səbəbinin siqaretdən olduğunu bilə-bilə yenə siqaret çəkirlər, bilərəkdən gələcəyin qatili olurlar, məlumatlandırdıqda, xəbərdarlıq etdikdə isə əhəmiyyət vermirlər.”

Siqareti necə tərgidirlər?

Siqareti tərgidənlərin sayını artırmaq üçün tütünün ziyanı barədə əhali arasında geniş təbliğat işi aparılmalıdır. Təcrübə göstərir ki, yalnız geniş təbliğat aparmaqla siqaretə alışanları ondan uzaqlaşdırmaq mümkündür. Siqaretin güclü vərdiş olmasına baxmayaraq, milyonlarla adam bu zərərli asılılığını tərgidə bilir. Məsələn, Böyük Britaniyada son 15 ildə siqaret çəkənlərin sayı 10 milyon nəfər azalıb. Bu, hər gün 2000 nəfərin siqareti atması deməkdir.

Hələ 40 il bundan öncə ABŞ-da siqaret istehsal edən şirkətlər qutuların üzərində “çəkmək zərərlidir” sözlərini yazmağa başladılar. Bu xəbərdarlıqdan sonra düz 40 milyon amerikalı siqareti tərgitdi. Deməli, bu işdə təbliğatın rolu böyükdür.

Mütəxəssislərin fikrincə, siqareti birdən-birə tərgitmək orqanizmdə digər хəstəliklərin baş qaldırmasına səbəb ola bilər. Ona görə də onu tərgitmək üçün müəyyən mərhələlərdən keçmək lazımdır. Bunun üçün gündə iki ədəd siqaretdən vaz keçilməlidir. Bu təcrübəyə əməl olunsa, 1-2 aydan sonra siqareti tamamilə təgitmək olar.

Türkiyədə milli genefondu ağır zədələnmədən qorumaq üçün siqaretə qarşı dövlət və cəmiyyət səvyyəsində mübarizə gücləndiirlib. 2009-cu il tarixindən şəxsi evlər istisna olmaqla hər cür bağlı mühitdə siqaret istehlakı qadağan edilib. Bu işdə media və QHT-lər bütün gücünü səfərbər edib. Azərbaycanda da tütünçəkmə milli genefondumuz üçün ciddi təhlükə yaradır. Çox təəsüf ki bizdə bu problemlə mübarizə zəifdir.

Qeyd edək ki, dünyada qapalı yerlərdə siqaret çəkməyə ilk qadağa 1993-cü ildə ABŞ-ın Kaliforniya əyalətində qoyulub. Hazırda 62 ölkədə bağlı məkanlarda siqaret çəkilməsinə qadağa qoyulub. Hollandiya və İrlandiyada 2004, Fransada 2007, İngiltərədə 2007, Almaniyada 2008, İspaniyada 2006, Norveçdə 2004, İsveçdə 2005-ci illərdə qapalı yerlərdə siqaret çəkilməsi qadağan edilib.

Müvafiq qanunun Azərbaycanda da qəbul olunmasına böyük ehtiyac duyulur. Yəqin ki, IV çağırış Milli Məclisin ilk sessiyasında bu məsələ yenidən qaldırılacaq və qanun qəbul olunacaq.

LALE MEHRALI tarafından “Makale Yarışması” için yazılmıştır…